Soltan İsmayıl oğlu Hacıbəyov 1919-cu ildə Şuşa şəhərində anadan olub. Bəstəkar orta ixtisas musiqi məktəbini truba sinfi üzrə bitirir. 1939-cu ildən Azərbaycan Dövlət Konservatoriyasında professor, bəstəkar Boris Zeydmanın sinfində təhsil almağa başlayır. Konservatoriyada təhsil aldığı müddətdə Soltan Hacıbəyovun «Qızılgül» (1940) musiqili komediyası tamaşaya qoyulur. Bu illərdə bəstəkar skripka və simfonik orkestr üçün konsert, simli kvartet, simfonik variasiyalar, kantata və digər janrlı əsərlər yazır. 1946-cı ildə konservatoriyanı bitirir. II simfoniyasını tamamlayır. Bəstəkar bu dövrdə Türkmənistan Dövlət Opera və Balet Teatrının sifarişi ilə «Kəminə və Qazı» adlı opera üzərində işləməyə başlayır, lakin bu işi tamamlaya bilmir. Qeyd olunan əsərin musiqisi əsasında S.Hacıbəyov «Karvan» simfonik lövhəsini yazır. 1950-ci ildə bəstəkarın «Gülşən» baleti yaranır. 50-ci illərdə Bolqarıstan və Çexoslovakiyaya səfər edən bəstəkar Azərbaycan xalq çalğı alətləri üçün «Bolqar süitası» və «Çex rəqsi» əsərlərini bəstələyir. 1964-cü ildə isə Hindistan səfərinin nəticəsi kimi «Hind mövzusunda süita»sı işıq üzü görür.
Bəstəkar «Karvan» simfonik lövhəsində «Şur» muğamının «Hicaz» şöbəsi intonasiyalarına əsaslanmışdır. Bu melodiya orkestrdə fleyta musiqi alətinin ifasında səslənir.
Musiqi dinləyək
Soltan Hacıbəyov. «Karvan» simfonik lövhəsindən bir parça
Bəstəkar «Gülşən» baletində pambıq yığımını təsvir edən musiqi lövhəsində «Çoban bayatısı» xalq melodiyasının intonasiyalarından istifadə etmişdir.