Avropa musiqisindən fərqli olaraq, Azərbaycan musiqisində iki əsas yox, yeddi əsas lad, yəni yeddi əsas məqam və ya yeddi əsas muğam vardır.
Zaman keçdikcə bu yeddi muğam xalq sənətkarları tərəfindən cilalanaraq genişlənmiş və yeddi əsas muğam silsiləsinə əlavə muğamlar daxil olmuş, bu da muğamın zəngin xəzinəsinə və milli musiqimizin unudulmayan tarixinə çevrilmişdir. Notların sayı yeddi, həftə günlərinin sayı yeddi, muğamların sayının yeddi olması onlar arasında uyğunluğun olduğunu göstərir:
Rast - bazar ertəsi;
Şur - çərşənbə axşamı;
Segah - çərşənbə;
Çahargah - cümə axşamı;
Hümayun - cümə;
Bayatı-Şiraz - şənbə;
Şüştər - bazar günü.
Muğamın yaranması və formalaşması ilə əlaqədar qeyd etmək lazımdır ki, əvvəllər dinlə bağlı olan «avaz», yaxud «avzat» sonradan qəzəllə birləşdirilərək muğama çevrilmişdir. Muğamı qəzəlsiz və qəzəli muğamsız təsəvvür etmək mümkün deyil. Uzun əsrlər boyu Azərbaycan xanəndələri muğam oxuyarkən Nizami, Xaqani, Füzuli, Nəsimi, Xətai, Şirvani və Vahidin qəzəllərindən istifadə etmişlər.
Musiqi dinləyək
«Şüştər» muğamından «Bərdaşt». Xalq artisti Alim Qasımovun ifasında
Bəstəkarlarımız ilham mənbəyi kimi həmişə muğamlarımızdan, muğam intonasiyalarından istifadə etmişlər.
Musiqi dinləyək
Arif Məlikov. «Məhəbbət əfsanəsi» baletindən «Xalq səhnəsi»
Arif Məlikov «Məhəbbət əfsanəsi» baletində «Xalq səhnəsi» üçün yazdığı hissədə məhz «Şüştər» muğamının intonasiyalarına müraciət etmişdir.