Süleyman Ələsgərov 1924-cü ildə Şuşa şəhərində anadan olub. 1943-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Konservatoriyada oxuduğu illərdə «Həzi Aslanovun xatirəsinə» simfonik poemasını, «Məhəbbət gülü» musiqili komediyasını, skripka, violonçel və fortepiano triosunu, «Vətən» simfoniyasını, «Gözlə məni», «Gözləyirəm», «Xatirə» mahnılarını və digər əsərlərini yazmışdır. 1967-ci ildə bəstəkarın «Milyonçunun dilənçi oğlu» musiqili komediyası Azərbaycan Dövlət mükafatına layiq görülür. Bu illərdə bəstəkarın «Ulduz» operettası əsasında eyniadlı musiqili bədii film çəkilir. 1962-ci ildə bəstəkarın Nəriman Nərimanovun eyniadlı əsəri əsasında yazdığı «Bahadır və Sona» operası səhnələşdirilir. Sonrakı illərdə bəstəkar «Vətənə eşq olsun», «Bahar təranələri», «Bir bayraq altında» kantatalarını və «Çingiz İldırım» vokal-simfonik poemasını yazır. Süleyman Ələsgərovun «Bayatı-Şiraz» simfonik muğamı, «Sərvi-xuramanım mənim», «Vətənimdir» romans-qəzəlləri bu gün də uğurla səslənir. Bəstəkar böyüklər və uşaqlar üçün çoxlu sayda mahnıların müəllifidir.
Musiqi dinləyək
Süleyman Ələsgərov. «Bayatı-Şiraz» simfonik muğamından bir parça
Bu simfonik muğamda sərbəst vəznli improvizasiya xarakterli şöbələr, dəqiq vəznli təsnif, diringə və rənglər var. Bəstəkar simfonik orkestrin alətlərinin müxtəlif koloritlərindən istifadə edərək bir-birini sevən iki gəncin sevgi həyatını xatırladan bütöv bir lövhə yaratmışdır.
«Küçələrə su səpmişəm». Azərbaycan xalq mahnısı
«Bayatı-Şiraz» muğamına əsaslanan bu musiqi Rəşid Behbudovun ifasında səslənir və notla oxunulan variantla müqayisə edilir.