Avstriya bəstəkarı İohann Ştraus (oğul) bütün dünyada «Valslar kralı» kimi tanınır. Onun «Mavi Dunay», «Artistin həyatı», «Vyana meşəsinin nağılı», «Bahar səsləri» və digər əsərləri adi valsdan rəqs poeması səviyyəsinə qalxmışdır.
Onun «Vyana operettaları» («Yarasa», «Venesiyada gecə», «Qaraçı baron») dünyanın ən tanınmış teatr səhnələrində tamaşaya qoyulmuşdur.
«Lendler» adlı Avstriya-alman rəqsinin tarixi çox maraqlıdır. 3/4 ölçülü və iki nəfər tərəfindən ifa olunan bu rəqs Avstriyanın Landl vilayətində yaranıb və «kəndli rəqsi» kimi məşhurlaşıb. Almaniya, Avstriya və Çexiyada bayram gecələrinin sevimli rəqsinə çevrilib. XVIII — XIX əsrlərdə vals böyük sürətlə Vyananı fəth edir. İohann Ştrausun (oğul) yazdığı valslar dünyanı heyran qoyur. Mixail Qlinkanın «Vals-fantaziya», Ferens Listin «Mefisto-vals», Pyotr Çaykovskinin «Sentimental vals», Ferederik Şopenin valsları bütün dünya musiqisevərlərinin qəlbini fəth edir.
Musiqi dinləyək
İohann Ştraus. «Vyana meşəsinin nağılı» valsı
Bu rəqs simfonik orkestr üçün yazılmışdır. Həzin və valehedici melodiyaya malik olan bu vals insanları həyatı sevməyə çağırır.
XX əsrdə də dünya bəstəkarları tərəfindən bu janrda gözəl nümunələr yaradılmışdır. Sergey Prokofyevin «Hərb və sülh» operasından və Qara Qarayevin «Yeddi gözəl» baletindən valslar bu janrın klassik nümunələridir. Bəstəkar Musa Mirzəyevin simli alətlər üçün yazdığı «Vals» da olduqca diqqətəlayiq əsərdir.