Şəkil 2. Aplikasiyanın yerinə yetirilməsi:
a - parçanın kontur boyunca kəsilməsi;
b - parçanın düz üzündən tikişin qoyulması
Qeyd edək ki, aplikasiya ziqzaqşəkilli tikişlə salınarsa, saplar parçanın rənginə uyğun olaraq seçilir. Bu zaman kalka, sadə karandaş və yapışqanlı ara qatdan istifadə edilir.
«Alma» aplikasiyasının yerinə yetirilmə texnologiyası ilə tanış olaq:
1. Köçürmə kağızının və iti yonulmuş karandaşın köməyi ilə aplikasiyanın şəkli əsas parçanın tərs üzünə güzgü əks etdirməsi üsulu ilə köçürülür (şəkil 1).
2. Aplikasiya parçasının (rəngli) tərs üzünə yapışqanlı ara qat ütü vasitəsilə çəkilir.
3. Bu parça ara qat altda olmaqla əsas parçanın üzərinə sərilir və kontur xətləri üzrə nişanlanır.
4. Xırda ziqzaqşəkilli tikişlə astar tərəfdən təsvir konturları boyunca tikilir.
5. Aplikasiya parçası üz tərəfdən tikişə çox yaxın (şəkil 2, a) məsafədən kəsilir, sonra yenidən parçanın üz tərəfindən konturdan kənara çıxmamaq şərtilə qalın ziqzaqşəkilli tikişlə tikilir (şəkil 2, b).
Parça üzərində ziqzaqşəkilli tikişlə aplikasiya salanda bəzi incəlikləri nəzərə almaq lazımdır:
- Əgər aplikasiya bir neçə elementdən ibarətdirsə və onlar bir-birinin üstünə keçirsə, o zaman işə ən altdakı hissənin tikilməsilə başlamaq lazımdır.
- Əgər aplikasiya salmaq üçün nazik parça təsvirdən istifadə edilirsə, təsviri bir qədər böyük ehtiyat zolağı ilə kəsmək, sonra onu yapışqanlı ara qatla bərkitmək, seçilmiş yeri nişanlamaq və kontur boyunca ziqzaqşəkilli tikişlə tikmək lazımdır. Artıq parça zolağını tikişə mümkün qədər yaxın məsafədə kəsib çıxartmaq və yenidən qalın ziqzaqşəkilli tikişlə tikmək lazımdır.
- Əgər aplikasiya krujevadan salınırsa, onu üz tərəfdən qalın ziqzaqşəkilli tikişlə birləşdirib krujevanın altındakı əsas parçanı tikiş xəttinə olduqca yaxın məsafədən kəsib götürmək lazımdır.