Çox dartılan parçada bəzən bu üsul da kömək etmir və tikiş parçanı büzür. Bunun qarşısını almaq üçün parçaya tikiş xətti boyunca hər iki tərəfdə yapışqanlı lent kəsiyi bərkidilir. Bu zaman parça maşının pəncəsi altında dartılmır.
Kəsiklərin ziqzaqşəkilli tikişlə sırıqlanma texnologiyası nədən ibarətdir? |
Kənarları ziqzaqşəkilli tikişlə sırıqlamaq üçün aşağıdakı əməliyyatları yerinə yetirmək lazımdır:
1. Məmulatın kənarlarını tərs üzünə qatlayıb ütüləyin.
2. Qatlanmış kənarın üzərinə kəsim yerindən 5 mm məsafə buraxmaqla qatlamanın genəltmə enini qeyd edən xətt keçirin.
3. Qoyulmuş nişanlama xətti boyunca ziqzaqşəkilli tikiş salın və yaxud nişanlama xəttinin üzəri ilə düz tikiş aparıb onun üstündə ziqzaqşəkilli tikişi yerinə yetirin (şəkil 4). Əgər parçanın kənarları burulursa, maşına xüsusi pəncə taxın və yaxud tikişi kağızın köməyi ilə aparın.
4. Qatlama yerində ziqzaqşəkilli tikişin üstündəki artırma zolağını kəsin.
Əlbəttə, parça kənarının ziqzaqşəkilli tikişlə sırıqlanması averlokla işləmə kimi gözəl alınmır. Amma bir qədər təcrübəli usta bunu çox məharətlə yerinə yetirə bilər. Tikişarasının uzunluğu və ziqzaqşəkilli tikişin eni emal edilən parçanın xüsusiyyətləri və tikişin təyinatı nəzərə alınmaqla müəyyənləşdirilir.
Hissələrin bağlı kəsiklərinin (məmulatın yalnız astar tərəfi görünür) sırıqlanması zamanı ziqzaqşəkilli tikişin eni 3-5 mm, tikişarasının uzunluğu isə 2-3 mm arasında tənzimlənir. Ziqzaqşəkilli tikişlə işlənmiş kənarların gözəl alınması üçün tikiş kəsikdən 5-7 mm aralı salınmalı, sonra tikiş xətti boyunca artıq hissə kəsilib çıxarılmalıdır.