Bu işin kamil ustası olmaq üçün sap seçimi etməyin sirlərinə yiyələnmək lazımdır. Naxıştikməyə yeni başlayanlar üçün aydın görünən kətan kanvada naxış tikmək daha rahatdır.
Xaçvarı həcmli naxıştikmə. Ən məşhur naxıştikmə texnikası xaçvarı həcmli naxıştikmədir (şəkil 4, b). Bu üsul sapların çarpazlaşması hesabına əldə edilən sıraarası tikişin xarici görünüşünə görə belə adlanır. Materialların seçilməsində daha böyük üstünlük viskoz*, yun və ipək saplara verilir. Bu materiallarla naxıştikmə daha gözəl və həcmli alınır.
Həcmli sıx tikişli naxıştikmə. Bu naxıştikmə bir-birinə sıx yapışan və təsviri dolduran düz sıraarası tikişlərlə aparılır (şəkil 4, c). Bu texnika ilə hər şeyə: süfrəyə, geyimə, dəsmala, salfetə, yaylığa və s. naxış tikmək mümkündür.
Trikotaj, «iynə qabağa» tikiş, «iynə arxaya» tikiş, saplarla həcmli naxıştikmə, xaçvarı həcmli naxıştikmə, həcmli sıx tikişli naxıştikmə, viskoz. |
PRAKTİK İŞ |
HƏCMLİ NAXIŞTİKMƏ -KƏPƏNƏK
Resurslar: parça - əsas (plastik kanva və ya cins parça), yun və ya pambıq saplar, kargah, qayçı, oymaq, surətçıxarma kağızı, karandaş və santimetr lenti.
Tapşırıq: Həcmli naxıştikmə üsulu ilə sıx tikişlə kəpənək fiqurunu yerinə yetirin.
İşin gedişi
1. İnternetdən naxıştikmə üçün kəpənək təsviri seçin və parça - əsas götürün.
2. Kəpənəyin təsvirini parçaya köçürün.
3. Hər sapın ən azı üç çalarından istifadə edib kəpənəyi naxışlayın.
4. Həcmli olması üçün, kəpənək təsvirini qabaqcadan nazik süngərlə doldura
bilərsiniz.
5. İynə və qayçı ilə iş zamanı təhlükəsizlik qaydalarına əməl edin.
*Viskoz - süni ipək