Qapı arasında hava keçə bilən məsafə olmasın deyə qapıların daxili divarına kipləşdiricisi qoyulub. Qapı bağlanarkən kipləşdirici soyuducunun qabaq səthinə kip yapışır. Soyuducunun qapıları örtülü halda sürgü ilə saxlanılır.
Soyuducunun əsas hissəsi dondurucu aqreqatdır. O soyuducunun əsas hissəsini, işlək kamerasını soyudur. Dondurucu aqreqat öz növbəsində üç əsas hissədən - kondensator, buxarlandırıcı və kompressordan* ibarətdir. Dondurucu aqreqat sistemi qapalıdır və xüsusi soyuducu qaz olan freonla doldurulmuşdur.
Freon nədir? |
Freon rəngsiz, iysiz qaz və yaxud mayedir. Hər bir duru maye kimi o qaynama vəziyyətində (daha doğrusu, buxar əmələ gələndə) ətrafdakı istiliyi özünə çəkir (soyudur) və əksəriyyət qazlar kimi müəyyən təzyiq və temperaturda kondensasiya edir (mayeyə çevrilir), ətraf mühitə istilik ötürür.
Şəkil 2. Dondurucu
aqreqatın quruluşu
1 - kondensator;
2 - kapilyar boru;
3 - mühərrik-kompressor;
4 - buxarlandırıcı;
5 - quruducu filtr;
6 - geri qaytaran boru
Dondurucu aqreqat necə işləyir? |
Dondurucu aqreqatın iş prinsipi (şəkil 2) belədir: mühərrik-kompressor freonun buxarını buxarlandırıcıdan çəkir və onları kondensatora ötürür. Kondensatorda freonun buxarı soyudulur və mayeyə çevrilir. Sonra duru maye halında freon qurutma kanallı filtr (süzgəc) və kapilyar (çox dar) boru kəməri vasitəsilə buxarlandırıcıya daxil olur. Freon buxarlandırıcıya daxil olarkən onun təzyiqi kondensasiya (maye) təzyiqindən qaynama təzyiqinə qədər düşür. Bu proses drosselləşdirmə* adlanır.
Bu zaman buxarlandırıcının kanallarına daxil olan freon qaynayır. Qaynama üçün lazım gələn istilik enerjisi buxarlandırıcının səthindən alınır və soyuducudakı hava soyuyur.
Buxarlandırıcıdan keçən duru freon buxara çevrilir və kompressorla sorulur. Bu zaman freon buxarlandırıcının daxili səthindən istilik götürür, elə bu səbəbdən də soyuducunun daxili soyuyur.
Beləliklə, kondensatorda freon yüksək təzyiq altında maye halına keçir və istilik ayırır, buxarlandırıcıda isə aşağı təzyiq hesabına qaynayır, qaz halına düşərək istiliyi udur.
* Kompressor - havanı, buxarı, qazları sıxmaq üçün qurğu
* Drosselləşdirmə - mayenin, qazın, buxarın təzyiqinin və işlənməsinin nizama salınması