Hər bir insan xidmət sahələrində davranış və ünsiyyət qaydalarını bilməli və onlara riayət etməlidir. Bu qaydalara riayət etmək, hər kəsin olduğu kimi, siz şagirdlərin də borcudur.
Bəs xidmət sahələrinə nə daxildir? |
Xidmət sahələrinə ictimai iaşə, maliyyə, məlumat, mənzil-kommunal, məişət, kirayə, turizm, hüquq, mehmanxana, mühafizə, tərcümə, təmir, ticarət, nəqliyyat, səhiyyə və rabitə xidmətləri daxildir.
Qeyd etmək lazımdır ki, xidmət sahələrində davranış normalarını bilmək və onlara riayət etmək, insanlara qarşı nəzakətli, diqqətli və qayğıkeş olmaq, bir sözlə, cəmiyyətdə yaxşı tərz kimi qəbul edilmiş hər şey insanın davranış mədəniyyətinə aid edilir və etiketlə tənzimlənir.
Davranış real (təcrübi hərəkət və rəftar şəklində) və verbal (sözlə ifadə edilmiş) olur. Bu iki davranış növü bir-birinə uyğun olmalıdır. Mədəni insan o kəsdir ki, etik prinsiplər, cəmiyyətin əxlaqi normaları onun daxili əqidəsinə çevrilib. O, lazım olduğu üçün deyil, başqa cür hərəkət edə bilmədiyi üçün belə hərəkət edir.
Davranış mədəniyyəti normalarına aşağıdakılar aiddir:
• nəzakətlilik - ətrafdakı insanlarla qarşılıqlı münasibətdə mədəni və nəcib davranış;
• ədəblilik - istənilən vəziyyətdə hamı tərəfindən qəbul edilmiş dəyərlər çərçivəsində özünü aparmaq;
• mərifətlilik - danışıq zamanı, şəxsi və işgüzarmünasibətlərdə gözlənilməsi lazım olan ölçü hissi - «sərhədi hiss etmək» bacarığıdır ki, bu, olmadıqda sözlər və hərəkətlər münaqişəyə səbəb ola bilər. Mərifət həm də digər insanın reaksiyasını olduğu kimi anlamağa imkan verən daxili duyma qabiliyyətidir.
• zəriflik - insanların fərdi xüsusiyyətlərini aşkarlamaq və nəzərə almaq bacarığı;