İstənilən binanın təmiri məhz tavandan başlayır. Təmir üçün hansı materialların seçilməsindən asılı olmayaraq, hazırlıq işləri eynidir. Yalnız asma və qurulma konstruksiyalı tavanlardan başqa, bütün digər növ tavanlarda təmir aparılanda malalama tələb olunur.
Tavan təmirə necə hazırlanır? |
Tavanı təmirə hazırlamaq üçün əvvəlcə onu köhnə dekorativ materialların qalıqlarından təmizləmək lazımdır. Bunun üçün tavanın səthi dəmir rəngsaz malası ilə qaşınır, suvanır və son malalama aparılır. Sonrakı işlər təmirin növündən asılı olaraq dəyişir.
Beləliklə, mənzilin tavanının təmir edilməsi ardıcıllığı:
• tavanın malalanması və rənglənməsi;
• tavana divar kağızlarının yapışdırılması;
• tavana penopolistirol konstruksiyaların və plitələrin yapışdırılması;
• asma tavanların quraşdırılması.
Tavanın malalanma və rənglənmə texnologiyası nədən ibarətdir? |
İdeal düz səthi əldə etmək üçün tavana yapışdırılmış plitələrin birləşmə xətləri hamarlanmalıdır. Bunun üçün başlanğıc və son malalama aparılmalıdır. Bu məqsədlə tavana əvvəlcə boya ilə astar çəkilir. Boya süngərli mütəkkə və yaxud enli fırça ilə çəkilir və quruması gözlənilir. İlkin mala materialı otaq hərarətində olan su ilə qatılır və qatı kütlə alınanadək qarışdırırlar. Qarışdırma elektrik drelinin patronuna geydirilmiş mikser ağızlığının köməyi ilə
aparılsa, daha keyfiyyətli alınar. Qarışıq 1 sm-dən artıq plitələrarası boşluqlara xırdagözlü rəngsaz toru vasitəsilə çəkilir. Tor boşluq xəttinin tən ortasına yerləşdirilir və hazırlanmış qatı malalama kütləsi ilə möhkəmləndirilir. Plitələrarası boşluqlar hamarlanandan sonra bütün tavan malalanır. Əlavə olaraq bir daha astarlanır, sonra nazik qatla son malalama aparılır. Quruyandan sonra sumbata kağızı ilə hamarlanır, astar çəkilir və boya ilə rənglənir (şəkil 1).