• Divara süngərli mütəkkə ilə yapışqan çəkilir.
• İş pəncərə kənarından və yaxud küncdən başlanır. İlk hissə yapışdırılır. Hündürlüyə şaqul vasitəsilə nəzarət edilir. Rulonlar tədricən açılır və yapışdırılır. Divar kağızı plastik mala ilə divara sıxılır.
• Tavan və döşəmə haşiyələrinin xətti üzrə divar kağızı kəsilir. Bu ərazilərdə kağızı altdan yapışdırmaq üçün süngərli mütəkkədən deyil, kiçik fırçadan istifadə edilir. Sonra digər kəsilmiş hissələr yapışdırılır.
• Qapılar yerləşən sahədə tavandan qapının başına qədər məsafə ölçülür, bu ölçüdə divar kağızı kəsilib yapışdırılır. Kağızın kənarları sonradan qapı çərçivəsi ilə örtülür.
• Elektrik açarları və şəbəkələri olan yerdə kağız hissəsinin üzərində kəsik aparılır, sonra bıçaqla artıq hissələr kəsilib götürülür. Kəsiklərin kənarı sonradan şəbəkə qapaqları ilə örtülür.
Şəkil 2. Rəngləmə üçün alət və materiallar: a - süngərli mütəkkələr; b - fırçalar (yastı və yumru); c - boya üçün vedrə; d - drel-mikser; e- şüşənin çirklənmədən qorunması üçün skotç
Divarların rənglənməsi texnologiyası nədən ibarətdir? |
Rəngləmədən qabaq alətlər nəzərdən keçirilir. Fırçalar və süngərli mütəkkələr təmiz olmalıdır. Onların üzərində əvvəlki boyanın qalıqları qalmamalıdır. Fırçalar qopmuş tüklərdən təmizlənməlidir. Yoxsa onlar rəngləmə səthinə yapışıb qalar. Fırçalar soyuq suda 20-30 dəqiqə isladılmalıdır. Canına su yığmış və şişmiş fırça işlənmədən öncə silkələnməli və quru əsgi ilə silinməlidir
Yalnız bunlardan sonra rəngləməyə başlamaq olar. Əvvəlcə rəngsaz skotçunun köməyi ilə rənglənən səthin sərhədləri qeyd edilir. Sonra pəncərə və qapı qutuları, tavana bitişik səthlər örtülür. Boya rənglənən səthin perimetri boyunca 5-10 sm enində çəkilir, yuxarı-aşağı, sağa-sola hərəkətlə sürtülür. Sonra divarın qalan hissəsi süngərli mütəkkə ilə rənglənir (şəkil 3).
* Fleys - böyük səthləri örtmək üçün iri fırça