4) Çertyojda hansı görünüşlər var?
5) Detalın forması hansı həndəsi cisimlərin birləşməsi ilə müəyyən olunur?
6) Detalın ümumi formasını təsvir edin.
7) Detalın qabarit ölçüləri və ayrı-ayrı hissələrinin ölçüləri nəyə bərabərdir?
Çertyoja aid sualların cavabları (1-ci şəklə bax):
1) Detal «yönəldici» adlanır.
2) Detal poladdan hazırlanıb.
3) Çertyojun miqyası 1:1-dir, yəni detal natural ölçüsündə təsvir olunmuşdur.
4) Çertyojda iki - baş və sol görünüşlər var.
5) Detalı hissələrinə ayırıb iki görünüşünü tutuşdurmaqla onlara soldan sağa baxaq.
Sol kənar hissə baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrə formasındadır. Deməli, o, silindrdir, çünki belə proyeksiyalar silindr üçün səciyyəvidir.
Baş görünüşdə soldan ikinci hissə trapesiya formasındadır. Sol görünüşdə o, iki çevrə ilə göstərilmişdir. Belə proyeksiyalar yalnız kəsik konusda ola bilər.
Üçüncü hissə də birinci kimi baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrə kimi göstərilmişdir. Deməli, o da silindr formasındadır.
Dördüncü hissə baş görünüşdə içərisindən iki üfüqi xətt keçirilmiş düzbucaqlı, sol görünüşdə isə altıbucaqlı formasındadır. Belə təsvirlər altıbucaqlı prizma üçün səciyyəvidir.
Sağ kənar hissə baş görünüşdə düzbucaqlı, sol görünüşdə isə çevrə kimi göstərilmişdir. Bilirik ki, belə təsvirlər silindri müəyyən edir.
Baş görünüşdəki ştrix xətlərdən və sol görünüşdəki ən kiçik diametrli çevrəyə görə belə nəticə çıxarmaq olar ki, detalın içərisində açıq silindrik deşik var.
6) Bütün hissələri birləşdirib cismin ümumi formasını müəyyən edirik (şəkil 2).
Bu, özlüyündə bir ox boyunca yerləşdirilmiş silindrlərin, kəsik konusun və altıbucaqlı prizmanın birləşməsindən ibarətdir. Detalın oxu boyunca silindrik açıq dəlik keçir.
7) Detalın qabarit (ən böyük və ən kiçik) ölçüləri belədir: uzunluğu 160 mm, diametri 90 mm, deşiyin diametri 20 mm. Sol kənar silindrik hissənin diametri 30 mm, uzunluğu 18 mm. Kəsik konusun hündürlüyü 20 mm, təpə bucağı 30°, böyük oturacağının diametri 48 mm-dir.