Batırma mərkəzə getdikcə dərinləşir (2-3 sm). Sonra mərkəzdən o biri təpəyə doğru istiqamət götürülür. Tədricən bıçağa təsiri zəiflətməklə kəski məmulatın səthinə çıxarılır. Dəqiq və düzgün oyma aparılarsa, lövhədən oyulub götürülmüş hissə piramidaya bənzəməlidir.
Bütün qanovcuqlar çəpinə iskənə ilə kəsilir. Kəsmə əməliyyatı əvvəlcə taxta liflərinin uzununa (şəkil 3, a), sonra isə eninə (şəkil 3, b) aparılır.
Üçtərəfli çuxurlu oymanın aparılması zamanı çəpinə iskənə şaquli vəziyyətdə tutulur və üçbucaqların tərəfləri təpədən mərkəzə doğru kəsilir. Üçbucağın təpəsində açılan dərin kəsik mərkəzə doğru dayazlaşır və sonda sıfır dərinliyə qədər azaldılıb çıxarılır. Çəpinə iskənə sağ əldə tutulur (şəkil 4). İskənənin kəsən ucunun burnunu nişanlanmış xəttin üzərinə qoyub özünə tərəf bir qədər əyir və elə bu istiqamətdə kəsirlər.
Şəkil 5-də iskənə ilə tək və qoşa əllə işləmə texnikası göstərilib. Əyri qatların kəsilməsi üçün iskənə ya sağa (şəkil 5, a), ya da sola doğru 30 - 40° bucaq altında əyilir. Əvvəlcə sağa doğru əyilmiş iskənə ilə sağ qatlar, sonra isə sola doğru əyilmə ilə sol (şəkil 5, b) qatlar kəsilib götürülür (bu zaman nişanlama xəttini kəsib keçmək olmaz).
Kəsmə aramla, ehtiyatla, iskənəyə eyni bərabərdə təzyiq verməklə aparılmalıdır. İskənə sağ əllə möhkəm tutulmalıdır. Liflərin istiqaməti boyunca hərəkəti tənzimləmək üçün arada bir sol əlin köməyindən istifadə edilməlidir (şəkil 5, d).
Şəkil 5. İskənə ilə kəsmə üsulları: a - tək əllə sağa doğru əyərək; b - iskənənin
kəsmənin sonundakı vəziyyəti; c - sola doğru əyərək; d - qoşa əllə