Kənar xətt üzrə oyma (şəkil 4) ən sadə oyma növüdür. Onun yeganə elementi qanovcuqlardır. Seçilən iskənənin növündən asılı olaraq qanovlar yarımdairəvi və üçkünc alınır.
Xətlər üzrə oyma təsvirin kənar xətlərinin dayaz oyulmaqla yerinə yetirilməsidir. Əsasən, çiçək, yarpaq, quş və heyvan təsvirlərinin salınması üçün istifadə edilir. Təsvir eni və uzunu eyni ölçüdə olan qanovlarla yerinə yetirilir. Amma bəzən qanovların ölçüsü dəyişə bilir.
Qövsvarı (dırnaqşəkilli) oymanın (şəkil 5) əsas elementi qövsdür (zahirən dırnağın istənilən yumşaq material üzərində qoyduğu izə bənzədiyi üçün dırnaqşəkilli oyma adlanır), yəni hamar səth üzərində yarımdairəvi çapıqdır.
Yastı relyefli oymada (şəkil 6) hər hansı təsvir eyni səthdə oyularaq salınır.