I hissə
Ucu-bucağı görünməyən düşərgədə hər kəs döyüş əzmində idi. Düşərgə boyu tonqallar çatılmışdı. Ortadakı tonqalın alovu səmaya yüksəlmişdi. Cəngi çalınırdı. Qolsuz dəri gödəkçəli cavanlar tonqalın ətrafında yallı gedirdilər. Yallı gedənlərin başlarında alov rəngli çalmaları vardı. Hər çalma bir-birinə dolanmış on iki qırmızı sarıqdan ibarət idi. Ona görə də onlara “Qırmızıbaşlar” deyil, daha qiymətli bir ad qoymuşdular - “Qızılbaşlar”.
Təsvir olunan düşərgə qızılbaşların* idi. Döyüş əzmi ilə coşub-daşan isə qızılbaş döyüşçüləri idi. Hərdən onları ruhlandıran çağırışlar eşidilirdi:
- Haydı, igidlərim! Bu torpaqlar düşməndən azad edilməlidir! Atları* yəhərləyin! Hər biriniz bir od parçası olub düşmənin canını yaxmalısınız!
- Baş üstə, Şeyxim!
Ehtiramla baş əyib, “Şeyx” dedikləri nə 70-80 yaşlarında ağsaqqallı ixtiyar, nə də 45-50 yaşlarında kamil bir sərkərdə idi. O hər sözünü bir ovuc qızıldan üstün tutduqları 13 yaşlı yeniyetmə idi.
Sabah gənc Şeyxin - Şah İsmayılın ilk yürüşü olacaqdı*. Buna görə də həyəcanlı idi. Ürəyində qorxu deyilən hiss olmasa da, ilk yürüş olduğundan narahatlıq çox idi. Qüvvətli idi. Yaşına uyğun olmayan cəldlik və coşqu var idi canında. Tay-tuşları* arasında ağlına və gücünə görə seçilirdi. Sakitlik*, səbir və dəqiqlik tələb olunan balıq ovundan tutmuş, cəldlik və sərrastlıq tələb edən ceyran ovunadək bacarmadığı iş yox idi. Əlbəyaxa döyüşdə də çox güclü idi. Gücünün və çevikliyinin köməyi ilə vəhşi heyvanları ram edirdi. Hər dəfə ova gedəndə anası, Ağqoyunlu* dövlətinin banisi Uzun Həsənin qızı Aləmşahbəyimdən qucaq dolusu xeyir-dua alardı. Anası da Yer üzünün ən şücaətlilərinin əhatəsində böyüməsinə və qəhrəman oğullar anası olmasına baxmayaraq, bir ana kimi həmişə övladlarının həyatı üçün narahat olardı. Cəsarətli* igidləri xoşlayırdı. Ona görə də övladlarında* mətinlik* və qorxmazlıq tərbiyə edə bilmişdi.
Gənc İsmayılın ilk yürüşü Şirvana idi. 13 yaşı təzə tamam olan Şah İsmayıl artıq müstəqil siyasi və dini fəaliyyətə başlamışdı. Qoşunu irəlilədikcə bütün yol boyu yerli camaat onun dəstəsinə qoşulurdu.
Şah İsmayıl Kürü keçərək Şirvanda heç bir müqavimət görmədən Şamaxıya doğru irəliləyirdi. Qızılbaşların arasında ayaqyalın və silahsız, əlbəyaxa döyüşə girənlər də var idi. Onlar öz hökmdarlarına güvənirdilər və döyüşdən qələbə ilə çıxacaqlarına əmin idilər.