Toğrul Nərimanbəyovun bir çox əsərləri Şərq əfsanə və nağıllarının motivləri əsasında yaradılıb. Rəssamın Azərbaycan Dövlət Kukla Teatrının foyesini bəzəyən “Nağıllar aləmində” adlı monumental əsərində sanki hər şeyin xoş sonluqla bitdiyi canlı bir aləm yaşanır.
Rəssam monumental divar rəngkarlığına üz tutmasını kətanın onun fantaziyasına darısqallıq etdiyini duyması ilə izah edirdi. O, dəfələrlə divar rəngkarlığına müraciət edərək unikal sənət nümunələri yaradıb.
Toğrul Nərimanbəyov divar rəngkarlığının daha məsuliyyətli olduğunu söyləyirdi: “Kətan üzərində çəkilən əsərlər elədir ki, xoşuna gəlməyən yeri olanda əl gəzdirib düzəliş edə bilərsən. Heç ürəyinə yatmayanda gizlədib üzə çıxarmırsan... Amma divara çəkilmiş əsər divara köçdü, qurtardı. Daha onu nə düzəldə, nə də məhv edə bilərsən. O, necə var, eləcə - bütün qüsurları, kəm-kəsirləri ilə birlikdə həmişəlik qalmalıdır”.
T.Nərimanbəyov bir çox teatr tamaşalarının və bayram təntənələrinin, dekorativ səhnə tərtibatının müəllifi kimi də məşhurdur.
F.Əmirovun “1001 gecə” baletinə çəkilmiş eskizlər
Toğrul Nərimanbəyovun digər siniflərdə tanış olduğunuz daha hansı əsərləri yadınızda qalıb? Onların janrı haqqında danışın.
Şərq miniatür sənətinin cazibədar ahəngi, Qərbə məxsus barokko üslubunun təmtəraq və qotika memarlığının sərtliyi, Delakrua sənətinə xas olan romantik gözəllik, Cotto əsərlərindən süzülüb gələn səmimiyyət, Rembrandtdakı tragik vüsət, Sezandakı rəssam fikrinin ifadə dəqiqliyi onu valeh edirdi. Toğrul Nərimanbəyov Van Qoqu həmişə özünə ruhən yaxın sənətkar hesab edirdi.