14. Qarı - bədənin ölümə məhkumluğunu simvolizə edir.
15. Caynaqlarında kərtənkələ tutmuş quş - Qogenin sözlərinə görə, əcəlin qaçılmaz olduğunun rəmzidir.
Qogenin yaradıcılığına xas olan xüsusiyyətlərdən biri də primitivlikdir. İbtidai incəsənət, Afrika, Okeaniya və Amerika xalqlarının ənənəvi incəsənəti, arxaika (e.ə. VII-VIII əsrlər), orta əsrlər incəsənəti, həmçinin uşaq yaradıcılığı primitivizm1 nümunələri sayılır.
Rəngkarlıqda simvolizmə xas olan xarakterik elementlərlə zəngin süjetlər modern2 adlanır. Onlarda xətlərin mürəkkəb ritmi kompozisiyada orijinal dekorativ elementlərlə qovuşur. Bu üslubun ilk və əsas əlamətlərindən biri formaların özünəməxsus rəvanlığıdır. Məşhur modern rəssamlarının əsərlərində alışdığımız dərinlik effektinin olmadığını görmək olar. Təsvirlər səthi, sanki divar aplikasiyası kimi yastı görünür.
Pol Qogenin kompozisiyaya görə yastı və monumental, rənginə görə dekorativ və emosional, rəsminə görə ümumiləşdirilərək stilizə olunmuş əsərləri həmin dövrdə formalaşan modern üslubuna yaxın olduğu üçün XX əsr rəssamlarının yaradıcılığına böyük təsir göstərmişdir.
Simvolizm və modern üslubuna yaxın, postimpressionizmin əsas nümayəndələrindən olan Pol Qogen sintetik ümumiləşdirmələrdən, rəng və xətlərin sadələşdirilməsindən məharətlə istifadə edirdi. O, sağlığında şöhrət tapıb çox məşhur olmasa da, postimpressionizmin tanınmış sənətkarları onu yüksək qiymətləndirirdilər.
Somerset Moemin “Ay və qara şahı” romanı Pol Qogenin həyatı əsasında yazılıb.
1 Primitivizm (primitiv sözündən) XIX əsrin sonu - XX əsrin
əvvəlində təsviri sənətdə rəsmin formasının bilərəkdən uşaq yaradıcılığı, yaxud ibtidai dövr rəsmləri
kimi sadələşdirilməsini özündə birləşdirən istiqamətdir. “Primitivizm” qeyri-peşəkarların, yaxud
peşəkarların stilizə olunduğu rəngkarlıq üslubudur.
2 Modern (frans. moderne - müasir, çağdaş, ən yeni) - XIX əsrin
sonu - XX əsrin əvvəlində təsviri sənətdə çox geniş yayılmış bədii istiqamət. Onu fərqləndirən
xüsusiyyətlər düz xətt və təbii xətlərin xeyrinə bucaqlardan imtina edilməsi, yeni texnologiyalara maraq
və dekorativ-tətbiqi sənətin çiçəklənməsidir.