Postimpressionizmin ən böyük sənətkarlarından olan Pol Qogen öz təkrarsız bədii dili ilə seçilir. Qogen ətrafda gördüyü qədər deyil, görmək istədiyi qədər çəkirdi. Müasiri olduğu cəmiyyətin onu qəbul etməməsi Qogendə ənənəvi həyat tərzinə, Qədim Yunanıstana, Qədim Şərq ölkələrinə, ibtidai mədəniyyətlərə maraq oyatmışdı. Qogenin tabloları öz səthiliyinə, ornamentallığına və rənglərin şuxluğuna görə dekorativ parçaları və müəyyən qədər də Şərq xalqlarının incəsənətini xatırladırdı.
1880-ci illərin sonlarında Fransada Pol Qogen və onun tərəfdarlarından ibarət bir qrup rəssam forma və xətləri ümumiləşdirərək sadələşdirməklə iri rəngli zolaqları ritmik yerləşdirərək dəqiq kənar xətlərdən istifadə etməyə başlayırlar. Onlar axtardıqları rəmzləri plastik formanın xarakterində təcəssüm etdirməyə cəhd göstərməklə, simvolizmə1 yaxınlaşdılar.
Yaradıcılıqda məhəbbət, ölüm, iztirab kimi əbədi mövzular simvolizmin əsas motivləridir.
1 Simvolizm (frans. symbolisme, yunan. symbolon — işarə, rəmz) - 1870-80-ci illərdə Fransada yaranmış və XIX-XX əsrlərdə daha çox inkişaf etmiş, sənət əsərlərinə diqqəti cəlb etmək üçün sirr və müəmmalardan bol bəhrələnən ən nəhəng rəngkarlıq istiqamətlərindən biri.