Rəssamın “Ulduzlu gecə” əsəri yalnız rəngkarlıqda deyil, həm ədəbiyyatda, həm də həyatda yaradıcı insanları ruhlandırmaqda davam edir. Tabloda səmaya yüksələn sərv ağacları alovun dillərini xatırladır, torpaq isə sanki kosmik fəzada uçan planet kimi qavranılır. Ulduz kürələri günəşin bənzəri olmaqla yanaşı, sanki işıq mənbəyinin motivini tamamlayır. Tabloda onlar ağlasığmaz dərəcədə iri ölçülü on bir ulduz və bir böyük bədirlənən ay kimi təsvir edilib. Səmadakı Kəhkəşan burulğanı qalaktikaları, kosmik harmoniyanı xatırladır.
Van Qoq ən müxtəlif, ən qeyri-adi ştrix növlərindən istifadə edərək, karandaşla çox gözəl rəsmlər çəkirdi. Fırça ilə yaxılmış qısa cizgilər rəssamın bu tablo üzərindəki iş prosesində istifadə etdiyi əsas üsuldur. Tamaşaçıda təsvirin sanki harasa hərəkət etməsi və daim dəyişməsi təəssüratı yaranır.
"Ulduzlu gecə". Müasir İncəsənət Muzeyi. Nyu York. 1889
Rəssam əsərlərində fırça ilə hansı işləmə üsullarından istifadə etmişdir?
Avtoportretlər. Van Qoq üçün portret insan qəlbinin araşdırılmasında bir vasitədir, sanki şüurun daha dərin qatlarında gizlədilənlərin üzə çıxarılması cəhdidir. Qeyri-adi texnikada işlənməsinə baxmayaraq, Van Qoqun təsvir etdiyi portretlər insan ruhunun və düşüncəsinin dərkolunan dərinliyi ilə tamaşaçını sarsıdır.
Dahi rəssamlarla müqayisədə Van Qoq daha çox avtoportret çəkmişdir. Rembrandt kimi, Van Qoq da özünü çox diqqətlə öyrənmiş və bu onun üçün sanki Kainatı dərk etmənin bir yolu olmuşdur.