Mane rəngkarlığı fotoqrafik dəqiqlikdən xilas etdiyi kimi, Roden də öz sevimli, israrlı “natamamlığı” ilə heykəlləri reallığın mexaniki oxşatmasından xilas etmişdi.
Rodenin əsərlərində yüksək harmoniya və çarəsizlik, ali lirizm və sərt şücaət öz əksini tapır. Rodenin hər bir heykəli dahi, ustad sənətkarın böyük kəşfidir.
Böyük heykəltəraşın əsərlərinin əksəriyyəti d'Orse muzeyində, Parisdəki, həmçinin Filadelfiyadakı Roden muzeylərində saxlanılır.
Plastikanın yeni imkanlarını kəşf etmiş dahi heykəltəraş, XIX əsrin ən parlaq sənətkarlarından biri olan Roden heykəltəraşlıq sənətinin sonrakı inkişafına böyük təsir göstərmişdir. Onun daha erkən dövr heykəltəraşlığında naməlum fiqurların təbii və sərbəst vəziyyəti insanın daxili həyatının zənginliyini özündə əks etdirir, insan vücudunun hərəkəti emosiyalara çevrilir.