İmpressionizm təkcə rəngkarlığa deyil, həm də heykəltəraşlığa yeni həyat verdi. Mane və Mone rəngkarlığa yenilik gətirdikləri bir zamanda heykəltəraşlıqda ilk dəyişiklik etmək istəyən dahi heykəltəraş Ogüst Roden olmuşdu.
İnsanın psixoloji və emosional həyatına maraq Rodeni digər impressionistlərdən fərqləndirirdi. Əsərlərində bilərəkdən natamamlığa yol verməsi onun haqqında impressionist texnikasını heykəltəraşlıqda tətbiq etmiş ilk sənətkar kimi danışılmasına imkan verdi.
Rodenin heykəltəraşlığa gətirdiyi ən parlaq nümunə “Mütəfəkkirdir. Cilalanmış bürünc heykəlin çapılmış səthindəki qabarıq hamarlıqlar və qırışlar özündə daim dəyişən parıltını əks etdirir.
Ogüst Roden özünün əksər əsərlərində insanın üz ifadəsində və yaxud duruşunda hər hansı bir anı çatdırmağa səy göstərirdi. Yüzillik müharibənin epizodlarından birinə həsr olunmuş “Kale şəhərinin vətəndaşları” adlı realist üslubda yaradılmış, bürüncdən olan monumental heykəl qrupu onun yaradıcılığında xüsusi yer tutur. Roden tamamilə fərqli, lakin ümumi taleyin birləşdirdiyi insanların qəhrəman obrazlarını təcəssüm etdirə bilmişdi.
Abidədəki altı insan fiquru, demək olar ki, adam boyu hündürlüyündə düzəldilib. Roden bu abidə üçün postament dikəltməmişdi. O istəyirdi ki, Kale qəhrəmanları insanlardan hündürdə ucalmasınlar, lakin hər zaman onların arasında, bir vaxt onların tərk etdikləri həmin meydanda olsunlar.