5. Yaşıl üzərində qırmızı. Mone qırmızı lalələr və yaşıl otlar arasındakı rəng kontrastına heyranlıq duyurdu. Lalələrin onda oyatdığı təəssüratı çatdırmaq istəyən Mone çiçəkləri dəqiqliklə çəkmədən, onları perspektivdə uzaqlaşaraq kiçilən qırmızı yaxmalarla göstərmişdir.
6. Ön plandakı cütlük. Rəssam ön plandakı oğlanın üz cizgilərini üç nöqtə ilə qeyd etmişdi. Onun şlyapasındakı lenti Mone eynilə lalələrin rəngi kimi qırmızı boyamışdır. Xanımın əlindəki göyümtül-bənövşəyi rəngli çətir solğun otun fonunda əlvan və aydın seçilir.
Klod Monenin əsərlərində işıq və rəng
Mone, əsasən, mənzərə janrında əsərlər yaradıb. O, eyni mənzərənin günəşli və ya buludlu havada, səhər və ya axşam işığında tamamilə fərqli təəssürat oyatdığına diqqət yetirmişdir. Bu təəssüratlar Monenin “London parlamenti”, “Ruan kilsəsi” və “Ot tayası” silsiləsindən olan əsərlərində çox yüksək səviyyədə verilmişdir.
Monenin əsərləri rəngkarlıqda yeni cərəyanın - impressionizmin yaranmasına səbəb oldu. O özü isə bu cərəyanın ən görkəmli və məşhur nümayəndəsi kimi tanındı. Mone bütün ömrü boyu impressionizmin əsas qaydalarına sadiq qalaraq yaratdığı müasir həyat səhnələrini, mənzərələri kətan üzərində və açıq havada - plenerdə işlədi.