Zaman keçdikcə impressionistlər əsər üzərində bütün işləri emalatxanada cəmləşdirməkdən tamamilə imtina edir və plenerə2 üstünlük verirlər. Plener sayəsində boyalar tübiklərdə - kiçik borucuqlarda istehsal olunmağa başladı. Ağzı bağlı qablarda qaldığından boyalar qurumurdu. O vaxta qədər isə rəssamlar boyaları öz emalatxanalarında hazırlamalı olurdular.
İmpressionizm dövründə rəngkarlıqda hansı dəyişikliklər baş verdi?
İntibah (Renessans) dövrünün əsərlərində olduğu kimi, impressionizm üslubunda olan əsərlər də perspektivin qaydaları və qavrama bacarıqları üzərində qurulurdu. İmpressionistlər üçün rəsmdə nə təsvir olunması o qədər də əhəmiyyətli deyildi, lakin necə təsvir olunması çox vacib idi. İmpressionistlər əsərlərində həyatı yalnız müsbət tərəflərdən təqdim edirdilər, aclıq, xəstəlik, ölüm kimi sosial problemlərə toxunmurdular. Rəssamlar tez-tez insanları istirahət və ya əyləncə zamanı hərəkətdə, müəyyən bir yerin görüntüsündə, müəyyən işıqda çəkirdilər. Onların əsərlərinin başlıca motivlərindən biri də təbiət idi.
İmpressionizm üslubunun meydana gəlməsinə təkan verən əsas səbəblər o dövrdə çox mühüm elmi kəşflərdən sayılan fotoşəklin ixtira edilməsi, “rəng dairəsi” nəzəriyyəsinin meydana çıxması və boya tübiklərinin icadı idi.
2 Plener (frans. plein air - açıq hava) - təbii işıq və təbii şəraitdə təsvir edilən rəngkarlıq texnikasıdır. Plener rəngkarlığı rəssamların açıq havada işləməsi nəticəsində yaranıb.