İncəsənətə dair dialoq
Orta əsr rəngkarlığı müasir dövr sənət nümunələrindən nə ilə fərqlənir?XIX əsrin ortalarınadək rəssamlar emalatxanalarda, studiyalarda insan, mənzərə və ya tarixi hadisələr mövzusunda əsərlər yaradırdılar. Sonralar rəssamlar rəngkarlıqda yaradıcılıq zamanı yeni yanaşma və metodlardan istifadə etməyə başladılar. Artıq onları akademizmin1 məqsəd və vasitələri qane etmirdi. İncəsənət tarixində ilk dəfə bir qrup gənc rəssam əsərlərini emalatxanada deyil, açıq havada yaratmağı özləri üçün qaydaya çevirdi. Onlar dəyişən mühitdə işıq və rəng keçidinin bütün məqamlarını dəqiqliklə təsvir etdilər. Parisdə keçirilən sərgidən sonra bu rəssamları impressionistlər adlandırdılar. Bu söz onların yaratdığı əsərlərə çox uyğun gəlirdi, çünki rəssamlar bilavasitə gördüklərindən aldıqları təəssüratları təsvir edirdilər.
“İmpressionizm” termini ilk dəfə tənqidçilərdən biri tərəfindən Klod Monenin mənzərə əsəri olan “Təəssürat. Doğan günəş” haqqında yazısında istifadə edilmişdir. Bu yazıdakı “İmpressionistlər” (“Təəssüratçılar”) ləqəbini gənc rəssamlar öz qruplarının adı kimi qəbul etdilər.
“Təəssürat. Doğan günəş”.
Marmottan-Mone muzeyi, Paris. 1872
1 Akademizm – təsviri sənət tarixində istifadə edilən termin olub, rəssamlıq akademiyalarında bədii sistemlərin, istiqamətlərin, antik və İntibah incəsənətinin təqlididir.