E.Delakruanın ilk müstəqil əsəri olan “Dantenin qayığı” ona geniş şöhrət gətirir və tənqidçiləri yeni romantik üslubda yaradan rəssam haqqında danışmağa vadar edir. Bu tablonun güclü emosional təsiri ilk növbədə rənglərdən, işıq-kölgədən qeyri-ənənəvi istifadə üsulu ilə izah edilir. Rəngə ikinci dərəcəli münasibət bəsləyən klassik üslubun nümayəndələrindən fərqli olaraq, E.Delakrua rəngi rəngkarlığın ən mühüm elementi hesab edirdi. Tablonun rəng həlli kontrast rənglərdən istifadə edilməklə qüvvətlənir: yaşılımtıl-göy və qəhvəyi fondakı geyimlərin təsvirində şux qırmızı və göy ləkələr çılpaq vücudların açıq rəngli tonlarından kəskin seçilir.
Delakruanın tarixi və batal əsərlərində rəng kontrastı
“Azadlıq barrikadaları” onun məşhur əsəri olmuşdur. Tablonun mərkəzində azadlığın rəmzi olan gənc qadın təsvir edilib. Onun başında azadlıq və inqilab rəmzi olan Frigiya papağı var. Sağ əlində Fransa bayrağını, sol əlində isə silah tutub. Bu tabloda verilmiş hər bir detal əsərin başlıca ideyasını - xalqın azadlığı uğrunda mübarizəsini qabartmağa xidmət edir. Əsərdəki fiqurlar - fəhlə, burjua, yeniyetmə - inqilab vaxtı fransız xalqının birliyini bildirir. Rəssam əsas qəhrəmanın sol tərəfində başına silindr qoymuş kişi obrazında özünü təsvir etmişdir.
Delakruanın monumental tabloları özünəməxsus səmimiyyəti və emosional zənginliyi ilə müasirlərini heyran edirdi. Onların əksəriyyəti kəskin tənqidə tuş gəlmişdi. Buna baxmayaraq, rəssam romantizmin ideallarına sədaqətini qoruyub saxlaya bilmişdi. O, sənətşünas və tənqidçilər tərəfindən rəsmən qəbul edilmək üçün düz iyirmi il çalışdı və nəhayət, ömrünün sonlarında qəbul edildi.