İspan xalqının taleyi ilə sıx bağlı olan Qoyyanın sənəti həm də “Müharibə fəlakətləri” adlı ofortlarında daha kəskin, dərin və parlaq təsvir olunmuşdur.
Fransisko Qoyyanın yaradıcılığı çoxşaxəli olmaqla yanaşı, ən müxtəlif janrları əhatə edir. Lakin heç nə tamaşaçının təxəyyülünü rəssamın ömrünün qürub çağında çəkdiyi qaranlıq, həyəcan, yaddaşa ömürlük həkk olunan “Qara tablolar” qədər sarsıtmır.
İspaniya dünyaya Fransisko Qoyyanı - XIX əsrin əsas istiqamətlərinin sələfini bəxş etdi. Qoyyanı öz müasirlərindən fərqləndirən mühüm cəhətlər - sənətinin parlaq fərdiliyi, çılpaq həqiqətə can atması, kortəbii başlanğıcın axtarışı və insan qəlbinin qaranlıq dərinliyinə baxmaq istəyindəki qorxmazlığıdır.
Yeni dövr incəsənətinin təşəkkülü realist rəssam Qoyyanın adı ilə bağlıdır. Onun yaradıcılığı XIX-XX əsrlərin dünya mədəniyyətinin nəinki rəngkarlıq və qrafika sahələrinə, həmçinin ədəbiyyat, dramaturgiya, teatr və kinoya da böyük təsir göstərmişdir.