İncəsənətə dair dialoq
Ətraf mühitdə baş verən hadisələr insanın həyat və yaradıcılığına necə təsir göstərir?
İspan xalqının fransız işğalçıları ilə qətiyyətli mübarizəsi romantizm1 dövrünün böyük ispan rəssamı Fransisko Qoyyanın qrafika və rəngkarlıq əsərlərində heyrətamiz səhnələrlə əbədiləşmişdir. Gənclik dövründə Qoyya çox bacarıqlı portret ustası kimi böyük şöhrət qazanmışdı. Onun təsvir etdiyi insanlar özünəməxsus enerji qüvvəsinə, inamına, qabarıq verilmiş milli əlamətlərinə görə seçilirdilər. Bu dövrdə onun yaratdığı tablolarda həyata məhəbbət və təbii gözəlliklər əks olunmuşdur.
Böyük Fransa inqilabından sonra rəssamın tablolarının üslub və xarakteri kəskin dəyişir. Tənhalıq hissi, daxili qarşıdurma, düşmən kəsilmiş ətraf mühit onun əsərlərində daha çox hiss olunur.
Qoyya iki məşhur tablosunda Madrid üsyanını əbədiləşdirmişdir. Bu əsərlər faciə və ədalətsizliklərlə doludur. Burada Qoyyanın İspaniyaya görə hiss etdiyi qəlb ağrısı, müharibə və qırğınlara qarşı üsyanı və etirazı əks olunub.
1 Romantizm (frans. romantisme) - XVIII-XIX əsrlərdə, klassisizmə zidd olan yeni bir cərəyandır. Bu cərəyan üçün güclü ehtiraslar, insan xarakterlərinin təsviri, mənəvi və yaradıclıq həyatındakı dəyərlərin təsdiqi daha xarakterikdir. Bütün qəribə, fantastik, bədii, həyatda deyil, əslində, kitablarda mövcud olanları romantik adlandırırdılar.