MOLLA PƏNAH VAQİF
(1717–1797)
Ana dilimizdə onun kimi sadə, aydın şeir
yazan az olub. Müasirləri ona nəzirə
yazmağa səy ediblərsə də, onun kimi
gözəl və açıq kəlam söyləməkdə aciz
qalıblar.
Firidun bəy Köçərli
− Azərbaycan kəndinin keçmişini əks etdirən hansı əsərlərlə tanışsınız?
− Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
− Uzaq keçmişdə yaşayan sənətkarlarımız zəmanələrindəki ictimai mətləbləri, nöqsanları, sizcə, hansı məqsədlə əsərlərinə gətirmişlər?
− Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının köməyi ilə aydınlaşdırın.
− Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyən edin.
HAYIF Kİ, YOXDUR...
(ixtisarla)
Kür qırağının əcəb seyrəngahı var,
Yaşılbaş sonası, hayıf ki, yoxdur!
Ucu tər cığalı siyah tellərin
Hərdən tamaşası, hayıf ki, yoxdur!
Qış günü qışlağı Qıraqbasanın,
Gözüdür Aranın, cümlə-cahanın,
Belə gözəl yerin, gözəl məkanın
Bir gözəl obası, hayıf ki, yoxdur!
Elə gözəl var bunların içində,
Ələ düşməz hərgiz Çinü Maçində.
Söyləgən, oynağan, dürüst biçimdə
Bəzəyi, libası, hayıf ki, yoxdur.
Ucu əşrəfili, bulut kimi saç,
Dal gərdəndə hər hörüyü bir qulac,
Kəlağayı əlvan, qəsabə qıyğac,
Altından cunası, hayıf ki, yoxdur!