• Baharının gəlişini ver mənə
    Bəlkə sənə son borcumu qaytarım. (M.Araz)
  • Demək baş tutmadı xanın arzusu.
    Sizdən gözlənilməz bir cavabdır bu. (S. Vurğun)
  • Cütçü saf tum səpsə torpağa əgər,
    Şübhəsiz torpaqdan saf tum göyərər. (N. Gəncəvi)
  • Nalayiq danışan şəxslərə əlbət
    Hər zaman sükutla müqabilə et. (N. Gəncəvi)

Ara sözlər danışanın ifadə etdiyi fikrə münasibətini bildirir. Ara sözlər daha çox modal sözlərlə ifadə olunur və cümlə üzvlərindən vergüllə ayrılır.

  1. Ara söz cümlənin əvvəlində işlənərsə, ondan sonra vergül işarəsi qoyular. Məsələn:

    Bəs biz nəyik?
    Bəlkə, elə Füzulinin, Nizaminin zərrəsiyik? (X.Rza)

  2. Ara söz cümlənin ortasında gələrsə, hər iki tərəfdən vergül qoyulur. Məsələn:

    Şairdir, görünür, düz ilqarı var... (S. Vurğun)

  3. Ara söz cümlənin sonunda gəldikdə ondan əvvəl vergül, sonra isə cümlənin məqsədinə görə növünə uyğun durğu işarəsi qoyulur. Məsələn:

    Bəli də! Ayağı çanqlı kiçik bir ölkə
    Böyük Firdovsilər yaratdı, bəlkə? (S. Vurğun)

  1. Aşağıdakı cümlələrdə xitablar və ara sözləri fərqləndirin (durğu işarələri buraxılmışdır). Özünüz də nümunələr toplayıb fikirlərinizi əsaslandırın.

    • Bilirsən Vidadi sözün doğrusu
      Olmaq istəmirəm vicdan oğrusu. (S. Vurğun)
    • Bəlkə bu yerlərə bir də gəlmədim
      Duman salamat qal, dağ salamat qal. (M.Araz)

    ✔ Ara sözlər də xitablar kimi ....................... .
    ✔ Ara sözlər xitablardan fərqli olaraq ....................... .

  1. “Həqiqəti inkar edən ziyan çəkər” mövzusunda inşa yazın.