Kursor lazım olan yerə aparıldıqdan sonra oradakı simvolu silmək üçün <Delete> və ya <Backspace> klavişindən istifadə olunur.
Delete Kursorun sağ tərəfindəki simvolu silir.
Backspace Kursorun sol tərəfindəki simvolu silir.
Bəzən mətndə bir deyil, daha çox simvoldan ibarət fraqmenti silmək lazım gəlir. Bu halda öncə həmin fraqment seçdirilir, sonra isə <Delete> klavişi basılır.
Formatlama
Mətndə olan informasiyanı oxucuya tez və asan çatdırmaq üçün onun xarici görünüşünün önəmi böyükdür. Diqqəti mühüm informasiyaya yönəltmək üçün ayrı-ayrı söz və ya cümlələr seçdirilir. Başqa sözlə, mətn formatlanır.
Mətni formatlamaq üçün abzaslardan da istifadə olunur. Mətndə abzaslar yeni sətirdən başlayır və bir-birindən müəyyən qayda ilə ayrılır. Adətən, mətndə abzasın birinci sətrinin başlanğıcında boşluq qoyulur.
Ancaq kompüterdə yığılan mətnlərdə çox zaman abzaslar bir-birindən boş sətirlə ayrılır. Kompüterdə mətni daxil edərkən yeni sətrə keçid avtomatik baş verir. Lakin növbəti abzas yaratmaq üçün <Enter> klavişini basmaq lazımdır.