Ötən dərsdə rəsmlərə mətni necə əlavə etməyi öyrəndiniz. Bunun üçün qrafik redaktorun imkanlarından istifadə etdiniz.
WordPad
Ancaq mətn böyük olarsa, belə işləri qrafik redaktorda görmək əlverişli deyil. İrihəcmli mətnlərlə işləmək üçün xüsusi proqramlar – mətn redaktorları nəzərdə tutulub.
Aşağı siniflərdə belə proqramlardan biri olan WordPad mətn redaktoru ilə işləmişsiniz. Bu bölümdə həmin proqramın imkanları ilə tanışlığı davam etdirəcəyik.
Mətn redaktorunda işi bir neçə mərhələyə ayırmaq olar: mətnin daxiledilməsi (yığılması), redaktə olunması, formatlanması və çap edilməsi.
Simvol
Mətn kompüterə, adətən, klaviatura vasitəsilə daxil edilir. Hər bir mətn hərflərdən, rəqəmlərdən, durğu işarələrindən və s.-dən ibarət olur. Mətni təşkil edən belə işarələri bir ümumi sözlə - simvol sözü ilə adlandırırlar.
Kursor
Mətn redaktorunun iş sahəsində yanıb-sönən şaquli xətt - kursor görünür. Mətn yığarkən yeni simvollar kursorun olduğu yerdə “əmələ gəlir”. Bu zaman kursor özü sağa sürüşür.