öz təbəələrini mühakimə edirdi. Beləliklə, Qərbi Avropada IX— XI əsrləri əhatə edən feodal dağınıqlığı dövrü başlandı.

Feodal nərdivanı. Hər bir iri feodal ona xidmət edən xırda və orta feodallara torpaq verirdi. Bununla onu öz vassalına çevirir, yəni asılılığına salırdı. Hersoq və qraflar kralın vassalı idilər. Baronlar hersoq və qrafların, cəngavərlər isə baronun vassalı sayılırdı. Bu sistem feodal nərdivanı adlanırdı. Krallar feodal nərdivanından təbəələri itaətdə saxlamaq üçün istifadə edirdilər.

Fransa krallığı Karolinqlər sülaləsinin dövründə iri feodal mülklərinə bölünmüşdü. Ölkədə X—XI əsrlərdə feodal münasibətlərinin formalaşması başa çatdı. Ölkə indiki Fransa adını aldı.

Frank dövləti süqut etdikdən sonra Almaniya vilayətləri vahid dövlətdə birləşdi. Almaniyada feodal münasibətləri sürətlə inkişaf edirdi. Bu, ayrı-ayrı feodalların güclənməsinə və vahid dövlətin parçalanmasına səbəb olurdu. Almaniya kralı I Otton (936—973) 962-ci ildə Romanı işğal edib özünü Roma imperatoru elan etdi. Sonralar bu dövləti Müqəddəs Roma imperiyası adlandırmağa başladılar.

İtaliya Müqəddəs Roma imperiyasının tərkibində idi. Roma Papası və Almaniya kralı arasında İtaliyaya hakim olmaq uğrunda mübarizə gedirdi. Digər Avropa ölkələrinə nisbətən İtaliyada ticarət və sənətkarlıq mərkəzləri olan iri şəhərlər daha tez meydana gəldi. Bu dövrdə şəhərlərin çoxu özünüidarə hüququ aldı. Genuya, Piza, Venesiya müstəqil respublikalara çevrildilər.

  1. Frank imperiyasının inkişaf xüsusiyyətlərini şərh et.
  2. Frank imperiyasının parçalanma səbəblərini izah et.
  3. Feodal pərakəndəliyinin cəhətlərini təhlil et.
  4. Xlodviqi Atilla ilə müqayisə et.
  5. Xəritə və illüstrasiyalara əsasən «Franklar» adlı hekayə qur.