Bəşəriyyət kömür, neft, qaz, çıxartmağı və onları yanacağa çevirməyi öyrəndi. Elektrik enerjisi əldə etmək və onu işığa, istiliyə, mexaniki hərəkətə çevirmək insanın böyük uğuru oldu.
XX əsrdə isə insanlar informasiyaların ötürülməsi və saxlanmasının yeni üsullarını düşünüb tapdılar və xüsusi texniki vasitələr — televizorlar, mobil telefonlar, fotoaparat, videokameralar, kompüter və dronlar yaratdı.
İnsanlar kompüter, telefon və modem adlanan xüsusi qurğunun köməyi ilə ümumdünya informasiya şəbəkəsinə — internetə giriş əldə etdi.
Bu gün internetin köməyi ilə insan yenilikləri öyrənir, qəzet, jurnal, kitab oxuyur, sənətin və texnologiyaların tarixi ilə tanış olur. Kitabxanaların və tədris ocaqlarının saytlarına daxil olmaqla həyatın bütün sahələrinə aid vacib məlumatları əldə edir. Onu maraqlandıran istənilən sualı müxtəlif ölkələrdə yaşayan həmfikirləri ilə müzakirə edə bilir.