Siz IV sinifdə «Texnologiya» fənnindən kiçikölçülü məmulatların hazırlanması üzrə bilik və bacarıqlarınızı inkişaf etdirməkdə davam edəcək, öz layihələrinizi hazırlayacaqsınız.
İnsanların müasir əl əməyi, mədəniyyət səviyyəsi nəinki min il əvvəlkinə, hətta 10-20 il bundan öncəkinə belə oxşamır. Bu illər ərzində bizim məişət əşyalarımız, geyimimiz, yaşayış yerimiz, hərəkət və informasiya vasitələrimiz dəyişmiş, ən başlıcası isə onların istehsal texnologiyası təkmilləşmişdir.
Mədəniyyətdə belə daimi dəyişikliklər ona görə baş verir ki, bütün canlılara aid olan tələbatlardan başqa insanda ancaq ona xas olan xüsusi tələbatlar — yeninin yaradılması və mövcud olanın təkmilləşdirilməsi tələbatları vardır. Çoxlu, yaxşı, möhkəm, rahat, gözəl, təhlükəsiz sözləri ilə ifadə olunan bu tələbatlar insanı ətrafa tədqiqatçı gözü ilə baxmağa, müxtəlif texnoloji layihələr yaratmaq üçün elmi kəşflər və ixtiralar etməyə sövq edir.
Sizə məlum olduğu kimi layihə hazırlanan hər bir şeyin ilk variantıdır. Buna görə də hər bir insan layihələri nəinki həyata keçirməyi, həm də onları düşünməyi bacarmalıdır. Siz də qüvvənizi özünüzə məxsus layihələrin yaradılmasında və həyata keçirilməsində sınayacaqsınız.
Hazırladığınız kiçikölçülü məmulatları texnoloji meyarlarla qiymətləndirərkən özünüzə «Bunlar necə qurulmuşdur?» və «Daha nəyi təkmilləşdirmək lazımdır?» suallarını verməklə texnoloji düşünməyi öyrənəcəksiniz.
Siz fantaziyanızı köməyə çağıraraq dərslikdə verilməyən başqa kiçikölçülü məmulatlar da düzəldə bilərsiniz.