Hər nimçənin sağ tərəfinə qaşıq və bıçaq, balıq veriləcəksə, əlavə olaraq kiçik bıçaq da qoyulur. Nimçənin sol tərəfinə xörək çəngəli, onun yanına isə balıq çəngəli qoyulur.
Süfrəyə qab-qacaq düzüləndən sonra su, meyvə şirəsi, şərbət və s. üçün badələr qoyulur.
Bir neçə yerdə sümük və qida qalıqları üçün boş nimçələr düzülür.
Təmiz ütülənmiş və qatlanmış salfetlər çəngəllərin sol tərəfində olmalıdır.
İncə doğranmış çörək qablarda qoyulur. Çörək qablarına ütülənmiş ağ salfet salınır. Çörəyi qonaqlar masa arxasında oturanda gətirmək lazımdır. Kənarda kiçik bir masa qoyulur. Bu masaya artıq boşqablar, çəngəl-bıçaq yığılır. Meyvə və şirniyyatı da bu masaya qoymaq olar.
Yemək masaya böyük qablarda — buludlarda verilir.
Duru xörək dərin nimçələrdə verilir. Şorbanı nimçənin kənarını sol əllə ehmalca tutaraq qaşıqla yeyirlər.
Yemək süfrəsindən sonra çay süfrəsi bəzənir. Adətən, çay süfrəsində müxtəlif növ şirniyyatlar — mürəbbələr, konfet, tort, peçenye və dilimlənmiş limon olur.