İnsanın iştahası masanın bəzədilməsindən və yeməklərdən asılıdırmı?
|
Masa necə bəzədilir?
Yeməyin resepti deyəndə nə başa düşürsünüz?
Hansı xörəklərin hazırlanma qaydasını bilirsiniz?
İnsanın qidalanması
Düzgün qidalanan insan sağlam olur. Dadlı yemək insana zövq verir. Yeməyin görünüşü, onun ətri və dadı insanda yeməyə həvəs oyadır. Masanın xarici görünüşü və tərtibatı da insanın iştahasını artırır.
Sağlam qidalanmanın əsas qanunları — müxtəliflik və qida rejimidir*. Ən dadlı qida məhsulu belə tez-tez qəbul edildikdə insanı bezdirir və orqanizm tərəfindən pis mənimsənilir. Qidalanma zamanı müxtəlifliyə riayət edilməlidir. Çünki insan orqanizminə qida ilə birlikdə vitaminlər, su, yağlar, zülallar və karbohidratlar daxil olur. Eyni qida məhsulunda isə sadalananlar hamısı olmur.
Uşaq qidası böyük qidasından fərqlidir. Uşaqlar böyüklərə nisbətən boy atmaq və inkişaf etmək üçün daha tez-tez və müxtəlif yeməklərlə qidalanmalıdırlar. Onların rasionuna** mütləq meyvə və tərəvəz daxil olmalıdır.
|
Uşaqlar və böyüklər gün ərzində neçə dəfə qida qəbul edirlər? Nə üçün uşaqlar daha tez-tez qidalanırlar? |
Qida qəbulu arasındakı fasilə 5-6 saatdan az olmamalıdır. Şam yeməyini yatmazdan ən azı 4 saat öncə qəbul etmək lazımdır.
Şam süfrəsi menyusu*** yüngül, az yağlı kəsmikdən, bitki və tərəvəz mənşəli xörəklərdən ibarət olmalıdır. Səhər, nahar və şam süfrələrinin menyusu fəsildən və ailə büdcəsindən asılı olaraq dəyişə bilər.
Yeməyin bəzədilməsi
Masaya verməzdən əvvəl yeməyi bəzəyirlər. Bunun üçün müxtəlif növ meyvə və tərəvəzdən istifadə etmək olar. İstifadə edilən bəzəklər yeməli olmalıdır. Bəzək üçün yeməyin tərkibinə daxil olan ərzaqlardan istifadə edilməlidir. Bəzəklər aşpaz alətləri — bıçaqlar və mətbəx qayçıları ilə hazırlanır. Bu zaman aşağıdakı qaydaları yadda saxlamaq lazımdır:
— bəzəklər yeməyin dadına uyğun olmalıdır;
— bəzəklər sadə olmalıdır;