İynə — sərt materialdan hazırlanmış, dəliyi olan, şişuclu, nazik, uzunsov alətdir. İynənin köməyi ilə tikmə əməliyyatı yerinə yetirilir. Tikiş maşınlarının da iynəsi olur. İynə həm də tibbi ləvazimatdır.
Çəkic — zərbə alətidir, mismar vurmaq, məmulatı döyüb yastılatmaq və xırdalamaq üçün istifadə edilir. Çəkic insanın istifadə etdiyi ən qədim əl alətidir.
Burğu — deşik açmaq üçün nəzərdə tutulmuş deşici alətdir. Burğu, həm də genəltmə üçün, yəni kiçik ölçülü deşiyi böyütmək üçün tətbiq oluna bilər.
Balta — kəsici alətdir. Onun tiyəli metal başlığı ağac dəstəyə geydirilmişdir. Baltadan, adətən, ağacı qırmaq, doğramaq və ya ona görkəm vermək üçün istifadə olunur. Silah kimi də istifadə edilib, ət doğramaq üçün də istifadə edilir.
Məngənə — çilingərlik və ya xarratlıqda emal olunan əşyanı sıxmaq üçün istifadə olunan alətdir. Müxtəlif emal növlərində (mişarlama, burğulama, yonma və s.) detalları bərkitmək üçün istifadə edilir. Məngənə bir cüt paralel dodaqdan ibarətdir. Dodaqlardan biri, adətən, tərpənməz olur, ikincisi detala vintin köməyi ilə sıxılır. Çilingər məngənəsi çox vaxt metaldan, xarrat məngənəsi isə ağacdan hazırlanır.
Rəndə — oduncağı yonmaq üçün istifadə olunan əl alətidir. Rəndədən ağac məmulatlarının səthini yonub bərabərləşdirmək, hamarlamaq onların ölçülərini azaltmaq üçün istifadə olunur.
Bıçaq — kəsici alətdir. O, kəsici tərəfi çox iti olan tiyə və dəstəkdən ibarətdir. Pazın batıcı ucu ola bilər. Müxtəlif alətlərin, dəzgahların, maşın və mexanizm- lərin (məsələn, rəndə, ətçəkən maşın, buldozer və s.) kəsici hissələri bıçaq adlanır.