Poliformaldehiddən hazırlanan məmulatlar bərkliyinə görə metal hissələri əvəz edir.
Poliformaldehiddə n = 8-100 olduqda o, paraformaldehid və ya paraform adlanır. Paraform qızdırıldıqda depolimerləşərək yenidən formaldehid əmələ gətirir.
Formaldehidin fenol ilə polikondensləşmə reaksiyası üzrə mühüm praktik əhəmiyyətə malik fenol-formaldehid qatranı alınır:
• Bilirsinizmi • Asetaldehid - etil spirtinin orqanizmdə oksidləşməsi məhsuludur.
İnsan pivə, çaxır və ya hər hansı digər alkoqollu içki qəbul etdikdə etanol qaraciyərdə toplanaraq metabolizmə uğrayır. Metabolizmin 1-ci mərhələsində etanol alkoqoldehidrogenaza fermentinin təsiri ilə insan üçün zəhərli olan asetaldehidə oksidləşir. 2-ci mərhələdə asetaldehid aldehiddehidrogenaza fermentinin təsiri ilə sirkə turşusuna çevrilir. Alkoqollu içkinin çox miqdarda və tez-tez qəbul edilməsi zamanı qaraciyər əmələ gələn aldehidi tam zərərsizləşdirə bilmir və qaraciyərin ciddi xəstəliyinə səbəb olur.
Tətbiqi. Formaldehiddən poliformaldehid, fenol-formaldehid, karbamid-formaldehid və digər qatranların, eləcə də boya, dərman (urotropin) və partlayıcı (heksogen) maddələrin istehsalında istifadə olunur.
Formalin dərinin aşılanmasında, anatomik preparatların konservləşdirilməsində, binaların və cərrahiyyə alətlərinin dezinfeksiyasında, eləcə də kənd təsərrüfatı zərərvericilərini məhv etmək üçün toxumların dərmanlanmasında işlədilir.
Sirkə aldehidindən başlıca olaraq sirkə turşusu, trixlorsirkə aldehidi [CCI3CHO (xloral)], plastik kütlə (fenoplast), dərman maddələrinin alınmasında istifadə olunur.
Asetondan həlledici kimi lakların, süni ipəyin, dərmanların, tüstüsüz barıtın, kinolentlərin və s. istehsalında, həmçinin bir çox üzvi maddələrin sintezində (xloroform, yodoform və s.) xammal kimi istifadə edilir.
Nisbətən böyük molekula malik ketonlar (məsələn, difenilketon (C6H5COC6H5) xoş iyə malik olduğu üçün onlardan bir çox parfüm kompozisiyalarında, həmçinin sabunların aromatlaşdırılmasında istifadə olunur.