Aldehidlərin homoloji sırasının birinci üzvü formaldehid qaz, sonrakı nümayəndələri maye, ali aldehidlər isə bərk maddələrdir.
Sıranm ilk üzvləri formaldehid və asetaldehid suda yaxşı həll olur. Molekul kütləsi artdıqca aldehidlərin suda həll olması azalır; butanal, demək olar ki, suda həll olmur.
Aldehidlərin iyi müxtəlifdir; məsələn, formaldehid xoşagəlməyən iyə malikdir; ali aldehidlərin iyi xoşagələndir və onlardan parfümeriyada geniş istifadə olunur.
Formaldehid - kəskin iyli, rəngsiz, zəhərli qazdır; suda 40%-li məhlulu formalin adlanır.
Asetaldehid - kəskin iyli, asan uçucu (tqay. ≈ 21°C), rəngsiz, zəhərli mayedir.
Asetaldehidin suda həll olmasına səbəb olan amillərdən biri də onun molekulu ilə su molekulu arasında hidrogen rabitəsinin yaranmasıdır. -OH və -CHO qruplarındakı H atomlarının qismən müsbət yüklərini nəzərə alaraq bu rabitənin sxemini tərtib edin.