I fəslə dair ümumi nəticələr
- Spirtlər və fenollar tərkibində hidroksil qrupu olan üzvi birləşmələrdir.
- Birli spirtlərdə -OH qrupunu daşıyan karbon atomu yalnız bir karbon atomu ilə, ikili spirtlərdə -
iki karbon atomu ilə, üçlü spirtlərdə isə üç karbon atomu ilə birləşmişdir.
- Birləşmənin adındakı "ol" şəkilçisi onun tərkibində -OH qrupunun olduğunu göstərir.
- Spirt və fenol molekullarında -OH qrupunun sayı onların atomluluğunu göstərir.
- Doymuş biratomlu spirtlərdə karbon zəncirinin quruluşuna və -OH qrupunun zəncirdəki yerinə görə
quruluş izomerliyi mövcuddur.
- Doymuş biratomlu spirtlər dialkil tərkibli sadə efirlərlə siniflərarası izomerlik əmələ
gətirir (metanol istisna olmaqla).
- Etil spirti sənayedə etilenin katalitik hidratlaşmasından və tərkibində qlükoza və ya qlükoza
qalıqları olan şəkərli maddələrdən alınır.
- Metanol, əsasən, sintez qazdan alınır.
- Spirtlərin ilk üzvlərinin adi şəraitdə qaz halında olmaması sistemdə molekullararası hidrogen
rabitəsinin yaranması ilə əlaqədardır.
- Spirtlərin ilk üç üzvünün su ilə istənilən nisbətdə qarışması su və spirt molekulları arasında
hidrogen rabitəsinin yaranması ilə əlaqədardır.
- Allil spirti doymamış spirtdir, benzil spirti isə aromatik spirtdir.
- Spirtlər və onların suda məhlulları indikatorların rəngini dəyişmir.
- Spirtlərin metal törəmələri alkoqolyat adlanır. Onlar hidrolizə uğrayır.
- Spirtlər molekuldaxili (metanol istisna olmaqla) və molekullararası dehidratlaşmaya uğrayır.
- Spirtlər efirləşmə reaksiyasına daxil olur.
- Birli spirtlərin oksidləşməsindən aldehid, ikili spirtin oksidləşməsindən isə keton əmələ
gəlir.
- Etilenqlikol ikiatomlu, qliserin isə üçatomlu spirtdir.
- Doymuş biratomlu spirtləri çoxatomlu spirtlərdən mis(II) hidroksidlə fərqləndirmək olar.
- Sadə efirlər spirtlərin molekullararası dehidratlaşmasından əmələ gəlir.
- Sadə efirlər kimyəvi cəhətdən az fəal maddələrdir.
- Fenolda O-H rabitəsinin polyarlığı spirtlərdəkinə nəzərən çoxdur.
- Fenol doymuş biratomlu spirtlərdən fərqli olaraq qələvilərlə reaksiyaya daxil olur.
- Fenol benzola nəzərən bromla və nitrat turşusu ilə daha asan əvəzetmə reaksiyasına daxil
olur.
- Fenolu dəmir(lll) xloridlə təyin etmək olur.
- Metanol, etilenqlikol və fenol çox zəhərli maddələrdir.