Tətbiqi. Fenol geniş miqyasda boyaların, dərmanların, partlayıcı maddələrin (pikratların - pikrin turşusunun duzlarının), fenol-formaldehid plastik kütlələrinin - fenoplastların sintezi üçün istifadə olunur.
Fenoplastlar (a) yüksək mexaniki möhkəmliyə, elektroizolyasiya xassəsinə malik, həmçinin kimyəvi maddələrə qarşı çox davamlı materiallardır. Onlardan metropoliten eskalatorlarının pilləkənləri, vaqonların əyləc yastıqları hazırlanır. Bundan əlavə, fenoplastlardan elektrik sayğaclarının, elektrik ütülərinin, elektrik mühərriklərinin, telefon və fotoaparatların korpuslarının, mətbəx ləvazimatlarının dəstəklərinin (bıçaq, qazan, qaz plitəsi və s.) və həmçinin şahmat fiqurlarının, dama və domino daşlarının və s. hazırlanmasında geniş istifadə olunur.
Fenol güclü antiseptik xassəyə malikdir; ondan məhlul şəklində əvvəllər dezinfeksiyaedici kimi istifadə olunurdu.
Təyini. Fenol dəmir(III) xloridlə bənövşəyi rəngli məhlul əmələ gətirir:
Fenol və onun birləşmələrinin ətraf mühitə təsiri.
Fenol zəhərli maddədir, insanın mərkəzi sinir sistemini, böyrəklərini və ürək-damar sistemini zədələyir. Fenol heyvan və bitkilərə də zərərli təsir göstərir.
Fenol və onun törəmələrindən sənayedə, məişətdə geniş istifadə olunur. Kimya və neft-kimya sənayesində alman fenol və onun törəmələri məişət və istehsalat tullantı suları vasitəsilə qrunt sularını, atmosferi və torpağı çirkləndirir.
Tərkibində fenolun miqdarı çox olan çirkab sularından fenol, əsasən, oksidləşdirilmə yolu ilə kənar edilir. Bu məqsədlə oksidləşdirici kimi xlor(IV) oksid, havanın oksigeni, manqan(IV) oksid, elektrik cərəyanı və s. istifadə olunur. Fenolun manqan(IV) oksidlə oksidləşməsi aşağıdakı tənlik üzrə baş verir:
Bu tip çirkli sulardan fenol həmçinin müxtəlif adsorbentlər, məsələn, aktivləşdirilmiş kömürlə təmizlənir.
Fenolla bağlı anlayışlar xəritəsini tərtib edin.