Molekulun quruluşu. Fenol molekulunda benzol nüvəsinin π-elektron sistemi oksigen atomunun bölünməyən elektron cütünü özünə tərəf cəzb edərək oksigendə elektron sıxlığını azaldır.
Oksigen atomu, öz növbəsində, O-H rabitəsinin elektron sıxlığını hidrogen atomundan özünə tərəf daha çox çəkir.
Bütün bunlar fenolda aşağıdakı kimyəvi xassələrin yaranmasına səbəb olur:
1) -OH qrupundan hidrogenin proton şəklində ayrılması (doymuş spirtlərlə müqayisədə) asanlaşır və fenol turşu xassəsi göstərir. Bu səbəbdən fenolun suda məhlulu karbol turşusu adlanır;
2) benzol həlqəsinin 2,4,6-vəziyyətlərindəki karbon atomlarına birləşmiş hidrogen atomlarının bromla, nitroqrupla əvəz olunması benzoldakma nəzərən asan baş verir.
• Bilirsinizmi • Fenolun törəmələri təbiətdə geniş yayılmışdır; məsələn, onun törəmələrinə qovaq və söyüd ağaclarının qabığında, zirə və nanə yağında, qərənfil (mixək), kəklikotu yağında, bibərdə rast gəlinir.
• Fenolun törəmələri antioksidant kimi bir sıra qida məhsullarının tez xarab olmasının qarşısını almaq məqsədilə onlara əlavə edilir.
Alkil radikalından fərqli olaraq fenol molekulunda fenil radikalının -OH qrupuna göstərdiyi təsiri izah edin və konkret misallarla cavabınızı əsaslandırın.