1. İstifadə olunmuş və tullanılmış polimerlərin yandırılması. Bu üsulla, adətən, çox çirklənmiş və qarışıq tullantılar məhv edilir. Adətən, belə tullantılar polimer tullantıların ümumi miqdarının 60-85%-ni təşkil edir.
Bu üsulun çatışmayan cəhətləri ondan ibarətdir ki, yanma zamanı məmulatı təşkil edən qiymətli maddələr və materiallar məhv edilir və ən yaxşı halda yanma məhsulu olan karbon qazının atmosferdə miqdarının artması nəticəsində istixana effekti güclənir.
Lakin əksər polimer materiallar çoxkomponentli sistemlərdir. Belə ki, plastik kütlənin tərkibinə polimerlə yanaşı, boya, doldurucu, plastifikator, antioksidantlar, həmçinin katalizator kimi istifadə edilən ağır metalların birləşmələri də daxildir. Ona görə də onların yanması nəticəsində əmələ gələn zərərli uçucu maddələr (HCl, dioksin, formaldehid və s.) atmosferlə yanaşı, suyu və torpağı da çirkləndim. Bu çatışmayan cəhətə baxmayaraq polimer tullantılarının bir hissəsi (zərərli maddələrin udulması şərti ilə) yandırmaqla məhv edilir. Belə hallarda, əsasən, yanma istiliyindən istifadə olunur.
2. İstehlak müddəti başa çatmış polimerlərin və onlardan hazırlanmış məmulatların təkrar emalı. Hazırda polimer tullantılarının yalnız 10%-i təkrar emal oluna bilir, çünki hətta digər qarışıqlardan tam təmizlənmiş polimer tullantılarını təkrar emal edərək lazımi xassələrə malik polimer material almaq mümkün deyil. Buna səbəb müxtəlif polimerlərin bir-biri ilə uyğunlaşmamasıdır. Ona görə də yalnız eynitipli polimerləri təkrar emal etmək mümkündür. Bu isə polimerlərin tiplərinə uyğun olaraq ayrılmasını nəzərdə tutur ki, o da böyük xərclər tələb edir.
3. Bioparçalanan polimerlərin istehsalı və tətbiqi. Problemin ən optimal həlli yolu təbii amillərin (mikroorqanizmlərin, günəş şüalarının, ultrabənövşəyi şüanın, oksigenin, nəmişliyin və s.) təsirindən bioparçalanmaya uğraya bilən və ətraf mühitə mənfi təsir göstərməyən polimerlərin hazırlanması və tətbiqindən ibarətdir. Belə polimerlərə çörək-bulka və dənəvər məmulatların qablaşdırılmasında istifadə edilə bilən sellüloza əsaslı polimerlər aiddir.