Polimerin xassələri həmçinin onun polimeriəşmə dərəcəsindən də asılıdır. Məsələn, polimerləşmə dərəcəsi n = 20 olan polietilen mayedir, n = 5000 - 6000 olan polietilen isə çox bərk materialdır.
Polimerlərin böyük qismi plastik kütlələr, kauçuklar və liflər şəklində tətbiq olunur.
• Plastik kütlələr - polimerlərdən hazırlanmış və qızdırıldıqda verilən formanı alaraq soyudulduqdan sonra da həmin formanı saxlayan materiallardır.
Plastik kütlə polimerlə yanaşı, digər komponentlərdən də təşkil olunmuşdur: boya (materiala rəng verir), doldurucu (plastik kütləyə möhkəmlik verir), plastifikator (materiala elastiklik, əyilmək qabiliyyəti verir) və s.
Plastik kütlələr termoplastik və termoreaktiv plastik kütlələrə ayrılır.
Termoplastik kütlələr qızdırıldıqda yumşalır, əriyir və soyudulduqda ona verilən formanı saxlayır (e). Termoplastik kütlələr polietilen, polipropilen, polivinilxlorid, polistirol və stirolun birgə polimerləri, lavsan, kapron, kauçuk və s. əsasında hazırlanır. Hazırda istifadə olunan plastik kütlələrin 85%-ini termoplastik kütlələr təşkil edir.
Termoreaktiv plastik kütlələr yenicə alınarkən qızdırıldıqda yumşalsa da, sonda ərimir (f), çünki ilk qızdırılma zamanı onların makromolekulları bir-biri ilə tikilir (birləşir). Bu səbəbdən də termoplastik kütlələrdən fərqli olaraq onlar təkrar emal edilmir. Termoreaktiv plastik kütlələr fəza quruluşuna malik (tikilmiş, torvan) polimerlərdir. Termoreaktiv plastik kütlələrə misal kimi fenol-formaldehid qatranını, epoksid qatranlarını və s.-ni göstərmək olar.
Tətbiqi. Plastik kütlələrin yüngüllüyü, yüksək kimyəvi və mexaniki davamlılığı, istiliyi və elektriki keçirməmək qabiliyyəti praktikada - sənayedə, kənd təsərrüfatında, təbabətdə, məişətdə və s.-də geniş tətbiq olunur (g). Məsələn, polietilendən məişətdə işlədilən əşyalar, plyonkalar, sap və liflər, metalları korroziyadan qoruyan örtüklər hazırlanır, ondan elektrik naqillərinin və kabellərin izolyasiya edilməsində, kimyəvi aşındırıcı maddələrin saxlanması və daşınmasında geniş istifadə olunur.
Polistirolun stereomüntəzəm quruluşlu makromolekullarının sxemlərini tərtib edin.