X sinifdə üzvi birləşmələrdən yalnız karbohidrogenlərlə tanış olmusunuz. Bu tədris ilində isə karbohidrogenlərin oksigenli və azotlu törəmələrini - tərkibində karbohidrogen radikalı ilə birləşmiş (-OH, -CHO, -NH2 və s.) funksional qruplar olan üzvi birləşmələri öyrənəcəksiniz. Bu birləşmələrlə tanışlığa tərkibində hidroksil qrupu olan birləşmələrlə - spirtlər və fenollarla başlayırıq. Spirtlər və fenollarda funksional qrup-OH (hidroksil) qrupudur.
Molekullarında karbohidrogen radikalı ilə birləşmiş bir və ya bir neçə hidroksil qrupu olan üzvi maddələr spirtlər adlanır. (Karbohidrogen radikalı aril radikalı olmalı deyil).
Spirtlər karbohidrogen radikalının təbiətinə və hidroksil qrupunun sayına görə təsnif olunur.