Atmosferin əhəmiyyəti. Atmosferin Yer üçün böyük əhəmiyyəti var. Atmosferdəki oksigen qazı canlı orqanizmlərin nəfəs alması üçün vacibdir.
Atmosfer gündüzlər Yer səthinin həddən artıq qızmasına imkan vermir. Gecələr isə onu çox soyumağa qoymur.
Atmosferdə daim müxtəlif hadisələr baş verir. Yer səthindən buxarlanan su atmosferdə toplanır. Sonra buluda və yağıntıya çevrilir. Küləklərin yaranması da atmosfer hadisələrindən biridir.
Atmosferin çirklənməsi. İnsanların fəaliyyəti atmosferə təsir göstərir. Böyük fabrik və zavodlarda istehsal prosesində havaya zərərli qazlar, toz və digər maddələr atılır. Sayı gündən-günə artan təyyarələr və digər nəqliyyat növlərinin hərəkəti zamanı da zərərli qazlar ayrılaraq atmosferə yayılır. Bütün bunlar atmosferin çirklənməsinə və havada olan oksigen qazının miqdarının azalmasına səbəb olur.