Sən yəqin ki, okean, dəniz, göl sözlərinin mənasını bilirsən. Bəs «Dünya okeanı» ifadəsi nəyi bildirir? Bunun nə olduğunu bilmirsənsə, aşağıdakı mətni oxu. Sonra sən özün də Dünya okeanı haqqında çox maraqlı məlumatlar öyrənə bilərsən.
Okeanlar. Yer səthinin təxminən 3/4 hissəsini su tutur. Bu nəhəng su sahəsinə Dünya okeanı deyirlər. Dünya okeanı Sakit okean, Atlantik okeanı, Hind okeanı, Şimal Buzlu okeana bölünür.
Sakit okean sahəsinə görə ən böyük okeandır. Atlantik okean böyüklüyünə görə ikinci yerdə, Hind okeanı isə üçüncü yerdə dayanır. Ən kiçik okean isə Şimal Buzlu okeandır. Sakit okean həm də ən dərin okeandır. Ən dayaz okean isə Şimal Buzlu okeandır.
Şimal Buzlu okean ən soyuq okeandır. Bu okeanda çox yerlərdə suyun üstü buzla örtülü olur. Bu sularda yalnız xüsusi buzqıran gəmilər üzə bilir.