Teatrda tamaşaya qoyulmaq üçün yazılan əsərlər dram əsərləri adlanır. Azərbaycanda belə əsərləri ilk dəfə XIX əsrdə dahi yazıçımız Mirzə Fətəli Axundzadə yazmışdır. Böyük dramaturq beş ildə altı komediya qələmə almışdır. Lakin o dövrdə Azərbaycanda teatr yox idi. Axundzadənin əsərləri 20 il kağız üzərində qaldı.
140 il əvvəl Azərbaycan mədəniyyəti tarixində əlamətdar hadisə baş verdi. Bakıda ilk tamaşa səhnəyə qoyuldu. Bu, Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” əsəri idi. Əsərin tamaşaya qoyulmasında Axundzadənin yaxın dostu və həmfikri Həsən bəy Zərdabinin böyük rolu olmuşdu. Tamaşa martın 10-da oynanıldı. Beləcə, yalnız Azərbaycanda deyil, bütün Şərqdə ilk peşəkar teatrın əsası qoyuldu. Aradan illər, onilliklər keçdi, həmin gün Azərbaycan tarixinə Milli Teatr Günü kimi düşdü.
Bakıda ilk teatr binasını isə xeyli sonra məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev tikdirmişdi.
Bu gün Azərbaycanda milli teatrın inkişafı üçün hər cür şərait vardır. Hazırda təkcə Bakıda yox, digər şəhər və rayonlarımızda da teatrlar fəaliyyət göstərir. Bu teatrların səhnəsində Azərbaycan və dünya dramaturqlarının ən yaxşı əsərləri oynanılır və rəğbətlə qarşılanır.
Zahid Xəlil