Səkkiz planetdən biri. Bir dəfə müəllimimiz bizə Günəş və planetlər haqqında danışırdı. O dedi ki, üzərində yaşadığımız Yer Günəşin ətrafında fırlanan səkkiz planetdən biridir. Yer digər yeddi planetdən fərqlənir. Yerdəki canlı aləm o biri planetlərdə yoxdur.
Qlobus və xəritə. Qlobus Yerin kiçik modelidir. Xəritə isə Yer kürəsinin, yaxud onun ayrı-ayrı hissələrinin kiçildilmiş təsviridir. Qlobusda və xəritədə məlumatlar xüsusi işarələrlə verilir. Bunlara şərti işarələr deyilir. Məsələn, yer üzündəki okean və dənizləri, çayları, dağları, düzənlikləri göstərmək üçün qlobusda və dünya xəritəsində müxtəlif rənglərdən istifadə olunur.
Xəritə və qlobusun çox hissəsi mavi rəngdədir. Mavi rəng suları göstərir. Demək, Yer kürəsi üzərində çox sahəni su, yəni dəniz və okeanlar tutur. Qlobus və xəritəyə diqqət edəndə bəzi yerlərin açıq, bəzi yerlərin isə tünd rəngləndiyini görürük. Bu ona görə belədir ki, suların dərinliyi hər yerdə eyni deyil.