10. HİNDİSTAN VI-XVI ƏSRLƏRDƏ

Hindistan, padşah Aşoka, kastalar haqqında öyrəndiklərini yadına sal. Yadındadırsa, Aşokanın qurduğu vahid dövlət hələ qədim dövrdə süqut etmişdi. Çoxlu xalqların yaşadığı möcüzələr diyarı Hindistan xeyli müddət dağınıq halda qaldı.

Bəs sonra nələr baş verdi? Necə oldu ki, orta əsrlərin ən qüdrətli türk-müsəlman dövlətlərindən biri məhz Hindistanda yarandı? Bu hansı dövlət idi?

Qupta sülaləsi
Multan
Dehli sultanlığı
Qütbəddin
Aybək
Raziyə sultan
Böyük Moğol
dövləti
Babur şah
Əkbər şah

Qupta dövləti (IV-VI əsrlər)

Hindistan erkən orta əsrlərdə. Qupta imperiyasının dağılması nəticəsində Hindistanda 70-ə qədər müstəqil kiçik dövlət qurumu yarandı. Belə dövlət qurumlarının başçıları olan racələr hərbi xidmət əvəzində torpağın bir hissəsini kəndlilərlə birlikdə yaxın adamlarına paylayırdılar. Verilən torpaqlar irsən keçirdi. Hindistanda da kəndlilər töycü ödəyir və müxtəlif mükəlləfiyyətlər daşıyırdılar.

Kasta sistemi, ölkədə müxtəlifdilli tayfaların olması və fərqli dini etiqadların mövcudluğu feodal pərakəndəliyini gücləndirirdi. Hindistanın qərbində çoxlu liman şəhəri var idi. Səs-küylü, çoxlu adam olan bazarlarda yerli və xarici mallar satılırdı.

Qədim Hindistanda dini etiqad və qanunlar hansı yazılarda əksini tapmışdı? Araşdır.